Məşhur dietoloq artıq çəkidən xilas olmağın sirrini açdı - "Yenə o yay olaydı"
ATV.az

“Yenə o yay olaydı” layihəmizdə bu dəfə nə yeyək ki, daha rahat həzm olsun, necə edək ki, kökəlməyək və nə içək ki, orqanizmimizə ziyan olmasın kimi problemlərdən danışacağıq. Söhbət yeməkdən, kökəlməkdən gedə, mütəxəssis rəyi olmaya? Bu heç yaxşı olmaz. Ona görə də ilk qonağımız Türkiyədə təhsil alan dietoloq Tutu Zeynalovadır. “Yayda necə qidalanmaq lazımdır, necə etmək gərəkdir ki, artıq çəki almayasan” kimi sirləri dietoloq xanım ATV.az-a açıqlayıb:

“Yayda qidalanmaqdan danışan zaman ilk növbədə qidalanma səhvlərini bilmək lazımdır. Çünki bir çox insanlar ya səhər gec oyanırlar, ya tətildə olurlar, ya da ki, iştahları olmur deyə səhər yeməyi yemədən evdən çıxırlar. Bəziləri işdə bir şey atışdıraram bəhanəsi ilə işə gəlirlər. İşdə də, daha çox şirni şeylər, dondurma yeyirlər. Günorta yeməyini hətta gecikdirib, bir azdan yeyərəm deyənlər də, olur. Günorta daha çox yüngül “fast food” yeməklərinə üstünlük verirlər. Ancaq axşam evə gələn zaman aşırı qida qəbul edirlər ki, onsuz da bütün gün heç nə yeməmişəm ki... Bu yeməklər də müəyyən zamandan sonra sizə artıq çəki formasında qayıdır. Bu ilk səhv. Daha sonra şirin qazlı içkilərə üstünlük verirlər. Bu ikinci səhv. Son zamanlar isə daha çox aktivləşən problem odur ki, fiziki aktivlik çox azalıb. Yayda sağlam qidalanmaq üçün ilk növbədə səhər yeməyi yeyilməlidir. Heç bir bəhanə eləmədən səhər normal qidalanın ki, axşamdan yatan maddələr mübadiləniz sürətlənsin. Səhər daha yaxşı olar ki, şirniyyat, meyvə yeməyəsiniz. Nəzərinizdə saxlayın ki, acqarına yeyilən meyvə şəkər xəstəliyinə göndərdiyimiz dəvətnamədir. Klassik səhər yeməyi belə ola bilər: yumurta, süzmə, pendir, yüngül kəpəkli bir tost... (hansı birinisə-Ə.A.) Hər dəfə qida qəbul edən zaman balans, dəngəli bəsləmə olmalıdır. Dəngəli bəsləmə odur ki, düzgün saatlarda həm protein, həm karbohidrat, həm yağ almalıyıq. Məsələn, səhər yumurta yeyib proteinimizi aldıq, günorta yağ olaraq bir barmaq qədər nehrə yağı yeyə bilərik, (zeytun, ya qoz da ola bilər-red) karbohidrat olaraq isə çörək yeyə bilərik. Gündəlik qida rasionumuzun 55 %-i karbohidrat, 15-20%-i protein, qalan faizini isə yağ təşkil etməlidir. Çox adam yağ yemir, əvəzinə şirniyyat yeyir. İnsanı kökəldən yağ deyil, şirniyyatdır. Orqanizmə yağ lazımdır. Yağ yeməyən adamlarda bir müddət sonra vitaminlərin yoxluğu müşayiət olunur. Mövsümündə meyvə və tərəvəz yeyin, bu çox önəmlidir. Əgər kimdəsə artıq çəki varsa, bunun mütləq şəkildə bir səbəbi və çözümü var, bunu araşdırmaq lazımdır. Arıqlamaq isə möcüzə deyil, yetər ki, istəyiniz olsun. Bir sözlə, yayda səhər yeməyi yeyilməlidir, ara önləri olmalıdır (məsələn, səhər yeməyi və nahar arası ayran, meyvə, çərəzlər və s. yeyilməlidir), ümumiyyətlə gündə ovuc içi qədər çərəz yeyilməlidir, gecə saatlarında meyvə yemək olmaz, çalışın meyvəyə tələbatınızı saat 18:00-a kimi ödəyəsiniz. Elə insanlar var ki, deyir saat 18:00-dan sonra heç nə yemirəm ancaq meyvə yeyirəm. Bu da düzgün deyil. Çünki meyvə fruktozdu, qan şəkərinizi sürətlə çoxaldır. Qan şəkəri qalxan zaman mədəaltı vəzi insulin ifraz edir. Çiy yeyə bildiyiniz tərəvəzləri çiy, qabıqla yediyiniz meyvələri isə qabıqla yeyin. Yay aylarında hər gün 8-10 stəkan su içilməlidir ki, orqanizm öz işini rahat görsün. Yayda ən gözəl, ən ucuz, ən faydalı içki sudur. Hər gün 45 dəqiqə fiziki aktivlik (üzgüçülük, piyada gəzmə, tennis və b.-red) təmin olunmalıdır. Yüksək qlesimik indeksi olan meyvələri çox qəbul etməyin. Məsələn, qarpız yeyən zaman yanında bir dilim pendir (yağlı, duzlu olmasın-red), bir-iki qaşıq süzmə yeyin. Bu zaman şəkərinizi yüksəltməmiş olarsız. Bütün günü heç nə yemədən qarpız, çörək, pendir yesəniz əksinə kökələcəksiniz. Nemətləri Allah yaradıb ki, insanlar qidalansın. Özünüzə əziyyət verməyin. Zamanında, bir az hər şeylə qidalanın. Alma, armud, böyürtkən, gavalı, çiyələk kimi yayda mövsümü meyvələrdən yeyə bilərsiniz. Bir şərtlə ki, gündəlik meyvə porsunu keçməsin. Qarpızın 8/1 hissəsi bir porsdur, qreyfurtun 4/1 hissəsi də bir porsdur. 12 dənə gilas da bir pors meyvədir. Siz günə 24 gilas yesəniz bu zaman gündəlik meyvə porsunuz tamamdır. Xanımlara məsləhətim odur ki, tənbəl olmasınlar. Özünüz sağlam qidalanın ki, övladınız da sağlam qidalasın. Qida mədəniyyəti ailədən formalaşır. Uşağa dadını öyrətdiyiniz ziyanlı şeyləri daha sonra övladınızın sizdən istəməsi təbii ki, çox normaldır. Ev işləri görün, özünüzə çox zaman ayırın, hazır, paket yeməklərdən uzaq qaçın. Müəyyən konservantlar qatılan yeməkləri yeməyin, sağlamlığınıza ziyandır. Yaxşı olar ki, ev yeməkləri olsun. Yayda salatlardan istifadə etmək olar, sizə reseptləri yollayacağam (reseptləri yazının sonunda görəcəksiniz-red)

“Yayda spirtli içkilərdən də istifadə olunur. Spirtli içkilər artıq çəki almağımızda nə dərəcədə rol oynayır” sualına Tutu xanım belə cavab verir:

“Spirtli içkilər kökəldir. Bəzi bəylərimizə “pivə qarın”lı da deyirlər. Nəyə görə? Çünki spirtli içkilər yüksək karbohidrat ötürdüyü üçün qan şəkəri sürətlə qalxır və sürətlə də aşağı düşür. Bəzi insanlar deyir ki, içki içəndə çox yeyirəm. Bəs səbəb nədir? Çünki qan şəkərinizin qalxıb-düşdüyü üçün siz də, yenidən qidalanmaq, yemək istəyirsiniz. Spirtli içkilər məsləhət görmürük, içmək istəsəniz belə ara-sıra şad günlərdə bir bakal qırmızı şərab içə bilərsiniz. Kökəlməkdən başqa spirtli və ya energetik içkilər qaraciyər yağlanmasına öz mənfi təsirini göstərir. Çox təəssüf ki, bu gün bizim milyonlarla izləyicisi olan məşhurlarımız əllərində energetik içki ilə foto çəkdirib, paylaşırlar. Cəmiyyətin sağlamlığına nə qədər ziyan vurduqlarını anlamırlar. Ən yaxşısı sudur. Əgər adi su içməkdən bezmisinizsə, meyvələri əzib, onlardan buz düzəldin. Həmin buzları suya atın, suyu dadlandırın”.

- Tez-tez, fərqli çəkilərdə, dəyişkən imicdə olan və dietoloq Tutu xanım sayəsində arıqlayan ifaçı Xatun da yayda necə qidalanmalıyıq, necə etdi ki, tez zamanda artıq çəkidən xilas oldu, bu kimi sirrlərini ATV.az oxucuları üçün açıqlayıb:

“Yayda çalışıram yüngül yeməklərdən istifadə edim. Xanımlara məsləhətim odur ki, isti yeməklərdənsə yay aylarında daha çox salatlara, yüngül, kalorisi az yeməklərə üstünlük versinlər. Bir ara mən də çox kökəlmişdim. Sağ olsun Tutu xanım, məni yaxşı arıqlatdı. Yay, qış fərqi yoxdur, artıq kilo alırsınızsa, bunun səbəbini araşdırın, rəfiqəniz nəyləsə arıqlayıbsa, siz də həmin pəhrizi saxlamayın. Dietoloqa gedin, kökəlmənin səbəbini araşdırın. Mən şəxsən belə etdim, çox da razı qaldım. Ümumiyyətlə, yayda meyvələr yeyirəm, salatlar hazırlayıram. Yayda yağlı yeməklər gec ifraz olunur və piylənməyə səbəb olur deyə, yağlı yeməklərdən demək olar istifadə etmirəm. Ümumiyyətlə, az-az və tez-tez yemək lazımdır. Yeməklər yaxşı çeynənilməlidir. Meyvəni yeməkdən sonra yeməyin ki, köp yaradır. Mən yayda çox su içirəm, təbii meyvələrin şirəsini içirəm, səhər yeməyi isə mütləq yeyirəm. Xanımlarımıza gözəl qalmaq üçün idmana getməyi də məsləhət görərdim”.

Əfruzə Ağayeva