"Xanım 9 kilo arıqladı, əri ona geri dönmək istədi" - Dietoloq Tutu Zeynalova / MÜSAHİBƏ

31 Mart 2017
Müsahibim Tutu Zeynalova 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. 2005-2011-ci illərd həkim-anestezioloq olaraq çalışıb. Hazırda Azərbaycan Plastik cərrahiyyə və Azərbaycan bariatik cərrahiyyə cəmiyyətlərinin həkim-diyetoloqudur. O Türkiyədə Marmara Universiteti Egitim Araşdırma" xəstəxanasında dietoloq olaraq ixtisaslaşıb. 


-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. 2005-2011-ci illərdə həkim-anestezioloq olaraq çalışıb. Hazırda Azərbaycan Plastik cərrahiyyə və Azərbaycan bariatik cərrahiyyə cəmiyyətlərinin həkim-diyetoloqudur. O Türkiyədə Marmara Universiteti Egitim Araşdırma" xəstəxanasında dietoloq olaraq ixtisaslaşıb. 

Tutu Zeynalovanın tutudiet.com bloqu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi NETTY 2016 Azərbaycan Milli İnternet Mükafatının qaliblərindən biri olub.


İşinin peşəkarı olan Tutu xanım BiG.AZ-a müsahibə verib: 


-Tutu xanım, əksər dietoloqların işlətdiyi bir söz var: sağlam qidalanın... Sağlam qidalanmaq dedikdə əsas nələr nəzərdə tutulur?

- Sağlam qidalanmaq - sağlam həyat tərzinin bir qoludur. Sağlam həyat tərzi bizim ruhumuzla bədənimizin harmoniyada olması deməkdir. Bədənimizin sağlamlığı önəmlidir deyə yediklərimiz də önəmlidir. Çünki biz yediklərimizdən ibarətik. Sağlam qidalanma , təbii qidalardan istifadə etməkdir. Yəni, yediklərimiz nə qədər təbiətə yaxın qalıbsa, bir o qədər faydalıdır. Mümkün qədər paketlənmiş qidalardan uzaq durmaq , qazlı , spirtli, energetik içkilərdən uzaq durmaq, zərərli vərdişlərin olmaması- bunlar hamısı vəhdət təşkil etdiyi zaman biz bir insanın sağlam həyat tərzi sürdüyünü müəyyən etmək olar. Bəzən insanlar şikayətlənir ki, istədiyi yeməyi istədiyi zamanda, məkanda tapa bilmir. Amma hər ortamda düzgün yeməyi tapmağı bacarmaq lazımdır. "Fast food" satılan məkana gəlmisinizsə, orada da düzgün seçim etmək lazımdır. Yəni, hər ortamda sağlamlığımıza zərər verməyəcək, yəni zərəri minimuma endirəcək qidanı tapmaq lazımdır. 

- Hətta ... Yaxşı, "fast food" satılan yerdə məsləhətli nə ola bilər ki ?

- Misal üçün, qamburger və yanında qazlı bir içkidənsə, salat və ayran seçə bilərsiniz. Yəni, hansı daha sağlamdırsa onu seçməlisiniz. Şokoladlı şiniyyatdansa, südlü bir biskivit seçə bilərsiniz. Hər ortamda düzgün yemək seçimi çox önəmlidir. 

- Sizə müraciət edən insanlar bilirəm ki, çoxdur. Hər birinə də özəl diqqət ayırırsınız. Necə zaman çatdıra bilirsiniz. Həm radioda veriliş, həm iş, həm xəstələrlə bütün gün yazışmaq, müsahibələr, dəvət aldığınız tədbirlərdə iştirak etmək ...

- Hərdən elə olur ki, yuxudan ayılanda görürəm ki, telefonuma 120-130 mesaj gəlib (red-gülür). Amma bizim işimizdə psixoloji dəstək çox önəmlidir. Hər bir kilo problemi olan insanın psixoloji bir sarsıntısı var. Yəni haradasa uğursuzluğu var və həmin uğursuzluğu yeməklə basdırdığı dönəmlər olur. Səbəblər fərqli olsa da, hər birinin dəstəyə ehtiyacı var. Mən həkiməm və bilə-bilə ki, bu insanın köməyə ehtiyacı var, kömək etməyə bilmərəm. Çox çətindir əslində, amma bəlli bir vaxtdan sonra xəstələrim sağlam qidalanmağı öyrənir. Pəhriz saxlayan xəstələrim hər həftə mənə məlumat verirlər və çətinlikləri olanda alternativ yol tapmağa çalışıram. Məsələn, xəstəm olur ki, hansısa yeməyi yeməkdən əziyyət çəkir və onun əvəzləyicisini məsləhət görürəm. Səhər işə tələsəndə yemək yeyə bilməyən olur və dərhal mənə müraciət edir. Mən də əvəzinə hansısa yemək məsləhət görürəm və s. O an düzgün seçim etməyə kömək edirəm və o insan gələn dəfə artıq öz seçimini mənim köməyim olmadan belə edə bilir. Bəlkə də insanların mənə güvənmələrinin səbəbi məni hər an yanında hiss etmələridir. Çətin olsa da, bütün xəstələrimə çatdırıram. Bəzən işıqforda dayanan da cavab yazıram. Buna görə bir dəfə polis əməkdaşları məni saxlayıb cərimələyib də hətta... Amma mən o cəriməni də sevərək ödədim (gülür-red).

- İşinizə olan sevgidən irəli gəlir...

- Hərdən iş yoldaşlarım mənə deyir ki, sənin işin-gücün qurtarıb? Xəstələrin çox nazı ilə oynayırsan... Amma bizim işimiz motivasiya tələb edir. Təkcə pəhriz siyahısı hazırlayıb, xəstənin əlinə verməklə iş bitmir. Həm də xəstənin istədiyi anda onun yanında olmalıyıq. İkinci dəfə yanıma gələn xanımların baxışlarının dəyişdiyini , özgüvənlərinin artdığını görəndə çəkdiyim əziyyətləri unuduram. Xəstələrə təzyiq göstərmək doğru deyil. Qərarı xəstə özü verməlidir. Çünki arıqlamaq istəyən insan qərarı özü verməlidir. Hədəfi olmalıdır və hədəfə doğru irəliləməlidir. Yanıma xəstə gələndə birinci ondan soruşuram ki, arıqlamaq istəyirsinizmi? Bu sualın cavabından sonra bilirəm ki, vəziyyət nə yerdədir. Çünki xəstə buna hazır deyilsə, mən ona verdiyim pəhriz siyahısı rəfinin bir küncündə qalacaq. İnsanın ruh hazırlığı önəmlidir. İnsanların ruhən hazır olub-olmadığını bilməliyəm. Yoxsa mən hər xəstəyə niyə yarım saat vaxt ayırım ki? Elə hər xəstəyə dərhal resepti yazıb verərəm çıxıb gedər. Niyə arıqlamaq istəyirsiniz? –səbəblər önəmlidir. Həmişə deyirəm ki, səbəblərinizi yazın. Hər zaman deyirəm ki, gözlərinizi yumun və təsəvvür edin ki, nə dəyişəcək? Görmüşəm ki, 10 xanımdan 8-i ağlayır. 

-Təbii ki, bu da sizi xoşbəxt edir...

- Xəstələrim məni çox istəyir. Bir həkimi xəstəsinin məmnuniyyətindən başqa heç nə xoşbəxt edə bilməz. Yanımdan məmnun gedən xəstənin verdiyi xoşbəxtliyin qarşısında heç bir bahalı hədiyyə, heç bir maaş dura bilməz. Necə ki, incəsənət adamlarının ən böyük mükafatı alqışdır. Heç bir həkim istəməz ki, xəstəsi ondan narazı qalsın. Amma bəzən yorğun vaxtlarımız da olur. Amma istənilən halda insan əgər problemini həll etmək üçün sənə müraciət edibsə, gümanı sənə çatıbsa kömək etməmək düzgün deyil. Bəzən elə olub ki, xəstə gəlib yanıma, çox çarəsiz olub. Məsələn, kilolu olduğu üçün həyat yoldaşı onu tərk edib. Mənə deyir ki, uşağımın boğazındakı sepi satdım, gəldim sənin yanına. Xəstə mənə bu sözü dedi, və mən o pulu almadım. Çünki o pulu yeyə bilməzdim. Xanım arıqladı və ikinci dəfə yanıma gələndə dedi ki, yoldaşım geri dönmək istəyir. O xanımın gözündəki sevgi mənə bəs idi. 2 aya 9 kilo arıqlamışdı və dəstəyə ehtiyacı var idi. Özünə iş tapdı üstəlik... Bəzən xanımlar müraciət edir, artıq çəkiləri olduğu üçün hamilə qala bilmirlər. O qadınlara da əlimdən gələn köməkliyi göstəririk.

- Anladım, xəstələrinizə yox demirsiniz. 

-(red-gülür). Bir də görürsünüz xəstəm dondurma yemək istədiyini bildirir və gözləri gülür. Soruşur ki, pəhriz siyahısında dondurma varmı? Mən də yazıram, deyirəm olar. Xəstə şoka düşür ki, a kökəlmırım. Deyirəm guya mən desəm yemə yeməyəcəksən. Görürəm utana-utana deyir ki, yeyəcəyəm. Deyirəm gizli yeməkdənsə, aşkar ye də. Mən də yox deyib, özümü pis etməyim. Gülür xəstə və inanın ki, olar dediyim üçün o insan dondurma yemir. İnsan psixologiyası çox qəribədir. Xəstələrə olmaz deməyəcəksən, sevdiklərindən imtina et deməyəcəksən. Sadəcə düzgün seçim etməyi xəstələrə öyrədəcəksən. (Məsələn, qarşımdakı yemək tabak modelidir. Bunu tən yarı böldüyümüz zaman bir tərəfi çörək qrupunda, bir tərəfi ət qrupunda yer alan qidalar siyahısındadır. Düyünün yerində iki dilim çörək də ola bilərdi. Və yaxud 8 şabalıd, 6 qaşıq qarabaşaq ola bilərdi) Sadəcə nə yediyimiz önəmlidir. Ölçülü şəkildə qidalanmaq lazımdır.

- Elə dietoloqlar var ki, xəstələrə “fiziki işgəncə” verirlər... Mən bunu eşidəndə şoka düşmüşdüm. Və ya elə dietoloq var ki, xəstəni alçaldır, "sən nə boydasan, nə gündəsən" deyib, pessimizm yaradırlar...Bəs buna nə deyərdiniz ?

- Məncə düzgün deyil. Onsuz da artıq çəkidən əziyyət çəkən insanların psixoloji problemləri olur. Ona görə də dietoloqu bəyənmirsinizsə, səriştəsiz olduğunu düşünürsünüzsə, qorxmamalı, bunu deməlisiniz. Bütün dünyada elmi çalışmalar göstərir 95 faiz hallarda, morbite bezlər verdikləri çəkini geri alırlar. Xəstələri dindirsəniz bunu eşidəcəksiniz: Tutmadığım pəhriz qalmayıb, amma 30 kilo çəki atmışdım, yenidən 20 kilo kökəldim. Və yaxud əksinə... Ona görə nəticə almaq əsasdır. Hərdən bu məsələni çox şoulaşdırırlar. Xəstə dərhal nəticə almaq istəyir, amma bu mümkün deyil.

- 1 ay ərzində dietoloq xəstəni neçə kilo arıqlada bilər? Siz neçə kilo arıqlada bilirsiniz?

-Bizim protokola uyğun olaraq həftəyə 0,5 -1 kilo arıqlatmaq normadır. Amma piylərin əriməsi önəmlidir. Əsas neçə kiloqramla başlamaqdır. 120 kilodan arıqlamağa başlayan aya 8 kilo da çəki ata bilər. Həmişə deyirəm ki, ay ərzində 10-15 kilo arıqlamaq, yəni rəqəmlər əsas deyil. 3 kilo çəki at, amma piylər ərisin. Bir var sizi görüb desinlər ki, nə yaxşı arıqlamısan. Bir də var görəndə soruşsunlar ki, xəstələnmisən? Niyə belə əcaib, görünürsən. Əsas piydən getsin, əzələdən yox.

-Elə arıqlayan insanlar var ki, görünüşcə həqiqətən xəsətəyə bənzəyirlər...

- Çünki əzələ itirirlər. Amma önəmli olan itirilən çəkinin piydən getməsidir. Əzələ itirdiyim zaman tez bir zamanda o itki geri gələ bilər. Ürəyimiz zəifləyə bilər. Elə olan təqdirdə qan dövranı zəifləyər. Ac qalmaqla da arıqlamaq olmaz. Saçların tökülməsi, aqressiya, unutqanlıq, dırnaq qırılmaları, menstruasiya pozulmaları kimi hallar əzələ itkisi zamanı baş verir. 

- Eşitmişəm yazdığınız pəhriz proqramlarını yayırlar. Buna münasibətiniz ?


-Düzdür, hətta satışa çıxarıldığı hallar olur. Amma bu düzgün deyil. Çünki pəhrizdən-pəhrizə fərq var. Çəkisi fərqli olanlar eyni pəhrizi saxlaya bilməz. Yemək saatları da önəmlidir. Onun-bunun pəhrizini saxlamaqla 1-2 kilo arıqlamaq olar. Amma bu belə davam edə bilməz. Reseptlərin yayılmasını da normal qəbul edirəm. Çünki bütün kilolu insanlara baxa bilmərəm. Onsuz da randevo siyahım bir ay öncədən dolu olur. (red-gülür) Kiminin parası, kiminin duası(red-gülür). Ondan xeyir tapırsa, qoy tapsın.

-Ramazan ayında pəhriz proqramı davam edən insanlara nə məsləhət görürsünüz?

- Ramazanda özəl bəsləmə proqramlarımız olur. Amma diqqət yetirməli məqamlar var. Orqanizmdə suya qarşı aclıq var. Susuzluq yaşanmasın deyə iftar və imsakda mümkün qədər sudan çox istifadə etmək lazımdır. Sahura qalxmaq çox önəmlidir. Elələri var ki, gec saatlarına qədər yedikləri üçün sahura qalxmırlar. Amma bu çox önəmlidir. Proteindən zəngin qidaların yeyilməsi çox önəmlidir. Ağ çörək əvəzinə qara çörək yeyilməsi də məqsədə uyğundur. Meyvə seçiminə gəldikdə, şaftalı –nektarin qəbul etsələr, susuzluq səviyyəsi az olar. Duzlu yemək, bitki çayı da içmək, kofeindən istifadə etmək olmaz. İftarı yaxşı olar ki, xurmadansa, su, iki dilim duzsuz pendir və zeytunla açasınız. Çox soyuq və qaynar olamaq şərtilə çorba içmək lazımdır. Bir müddət aradan sonra isə ana yeməyə keçmək olar. Yeməkdən dərhal sonra televizor qarşısına keçmək, yatmaq olmaz. Yarım saat qaçışdan sonra xurma və ya şirniyyatla çay içmək olar. Bu şəkildə planlasalar, Ramazan ayı boyunca pəhriz saxlayanların heç bir problemi olmaz. 

- Tutu xanım, sonda bu sahədə topladığınızı təcrübəni necə qazandığınızı bizim oxucularla bölüşməyinizi istərdik:

- 2005-2011-ci illərdə həkim-anestezioloq olaraq çalışmışam. Həkim-dietoloq olaraq Türkiyə Cümhuriyyətində təkmilləşib, Özəl Koru Hastanesi – Diyet ve Beslenme bölümünü, TC Marmara Universiteti Tıp fakultesi “İç hastalıkları ana bilim dalı endokrinoloji ve metabolizma” hastalıkları bilim dalı Beslenme ve Diyetetik alanı fakültəsini bitirmişəm. 

P.S sonda öz adımdanda Tutu Zeynalovaya bir aya doqquz kilo arıqladığım üçün təşəkkür edirəm. Sağlam qidalanmaq çox önəmlidir! 

Əfruzə Ağayeva