Sevgililər üçün – can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və…

14 Fevral 2016

Milli.az-a verdiyim müsahibəni sizlərlə də paylaşıram, Əziz Oxuyucularım.

İnsanın necə qidalanmasının, həmçinin onun arıq və ya dolu bədənli olmasının əksər hallarda qadın və kişi arasında sevgi münasibətlərinə birbaşa təsiri var.

Fikrimcə, sevgililər adətən bir-birinə onların nə dərəcə önəmli olduqlarını göstərmək istəyirlər və bu diqqət özünü yemək məsələlərində də göstərir:

“Sevgililər birlikdə olanda “sən mənim üçün önəmlisən”, “mən səni çox istəyirəm”, süfrə arxasında isə “al, bu tikəni də ye” və s. deməklə hər şeyini paylaşaraq bir-birinə diqqət göstərməyə çalışırlar. Yemək yeyərkən bir-biri ilə tikəni bölüşmək da eyni qəbildəndir ki, “gəl yeməyi yarı bölək”, “yox, bunu da sən ye” – deyə bir-birinə iltifat edirlər. Yəni bu diqqət və qayğı ilə öz sevgilərini göstərməyə çalışırlar. Biz ümumən cəmiyyət olaraq da beləyik. Bu zaman daha çox qida qəbul etmiş oluruq və nəticədə bədəndə çəki problemi yaranır.

Lakin bəy və xanımın istək və enerji ehtiyacları fərqlidir. Ona görə də yedikləri yeməyi yarıya bölərkən bəy, bəlkə də normasını alır, amma xanım lazım olduğundan çox kalori qəbul edir və bu müntəzəm hal aldıqda daha sonra qadın artıq çəkidən əziyyət çəkməyə başlayır.

Bəzən isə qadınlar müraciət edirlər ki, sevgilimdən ayrılandan sonra depressiyaya düşdüm və daha çox yeməyə başladım. Bəzən xanımlar itirdikləri xoşbəxtliyi yeməkdə, daha çox da meylini şirniyyata salmaqla tapırlar. Çünki şirniyyat yeyilən zaman “xoşbəxtlik hormonu”nun səviyyəsi artır”.

Digər halda isə əksinə, qidadan imtina etmə problemləri mövcud olur. Bu isə 20 % hallarda, təəssüf ki, ölümlə nəticələnir. Çünki qidadan imtina edilən zaman orqanizmdə vitamin və mineral qıtlığı yaşanır.

Ona görə də hesab edirəm ki, sevgililər bir-birinə qarşı münasibətdə, işlətdiyi ifadələrdə diqqətli olmalıdırlar, çünki bu psxio-sosial problemlərə gətirib çıxarır: “Məsələn, əgər qadında çəki problemi varsa, kişinin “sən kök olduğun üçün atıb gedirəm” və ya “başqası daha yaxşıdır” ifadələr işlətməsi xanımlarda hətta psixoloji problemlərin, nevrozun yaranmasına gətirib çıxara bilir. Nəticədə həmin insanlarda tıxanma kimi yemək pozuntusu da yaranır, bu halda gedib yediklərini qaytarmalı olurlar”.

Bir dietoloq olaraq ayaqüstü yeməklərin insan orqanizmi üçün ziyanlı olmasına da toxunaq: “Hələ ailə qurmayan sevgililər adətən çöldə-bayırda yemək yeyir, kifayət qədər maddi imkanları olmadığına görə isə daha ucuz məkanlara üz tuturlar ki, bunlar da əsasən ayaqüstü qəlyanaltı (fast foot) məkanları olur. Bu da onlarda artıq kalori qəbuluna, çəki və daha sonra digər problemlərin yaranmasına səbəb olur. Eləcə bəzən şirin, qazlı içkilərə üstünlük verilir ki, bunun da sonradan fəsadları ortaya çıxır. İstənilən halda indi gənclərimizin əksəriyyəti düzgün qidalanmır. Oğlanların günü çayxanalarda və ya energetik içkilər qəbul etməklə keçir, qızlar da artıq bəzi məsələlərdə onlardan geri qalmırlar. Düzdür, çox zaman imkanları aşağı olduğuna görə gənclər ayaqüstü qəlyanaltılara üstünlük verirlər. Amma bu məsələdə insanlar bilgili olsalar, belə məkanlarda da düzgün qida seçimi edib yemək olar”.

Fikrincə, ümumiyyətlə qidalanma mədəniyyəti sevgililər arasındakı münasibətlərə birbaşa təsir edir: “Düzgün qidalanmama bəzən cinsi potensiyaya da mənfi təsir göstərir. Çəki artıqlığı problemi varsa, bu, orqanizmdə hormonal pozuntular, hətta kişilərdə cinsi problemlərə, qadınlarda isə cinsi istəksizliyə və sonsuzluğa qədər gətirib çıxara bilər. İstənilən halda bir çox xəstəliklərin bünövrəsində məhz artıq çəki problemi dayanır. İstər subay sevgililər, istərsə də ailədə ər-arvad olsun, onlarda düzgün qida mədəniyyətinin formalaşmaması ciddi fəsadlara gətirib çıxarır. Eyni zamanda, çəki çatışmazlığı varsa, bu da münasibətlərə mənfi təsirini göstərə bilir. Amma burada incə bir məqam ondan ibrətdir ki, arıqlıq və köklüyün olub-olmamasını aydınlaşdırmaq, bunun üçün bədəni analiz etmək, mütəxəssis rəyinə əsaslanmaq lazımdır.

Məsələn, xanım “filan maneken 48 kq-dır, mən də onun kimi olmaq istəyirəm” deyərsə, lakin orqanizminə uyğun olmazsa, bu onun səhhətinə ciddi ziyan vura bilər. Elə olub ki, çəkisi 51 kq olan bir xanım gəlib bildirib ki, “yoldaşım deyir ki, sən 48 kq ola bilməzsən, amma mən bunu ona sübut edəcəm” deyib çəkisini daha da düşürmək istəyib. Halbuki, əksinə, ona kökəlib çəkisini artırmaq lazımdır. Bu isə onu göstərir ki, belə insanların artıq psixoloji problemləri var. Belə halda həkimlər diqqətli olmalıdırlar. Çünki pasiyent çox şey deyə, istəyə bilər. Əgər bədənin analizi göstərirsə ki, yağlılıq bir az da azalarsa, onun həyatı üçün təhlükəli ola bilər, onda belə insanı arıqlatmaq olmaz”.

Sonda isə, sevgililərə belə məsələlərdə qarşı tərəfin zövqünü nəzərə almağı məsləhət görürəm: “Məsələn, ola bilər ki, kişi və ya qadın arıq yox, sevgilisinin məhz dolubədənli olmasını istəyir. Bu məsələdə cütlüklərin maariflənməsi lazımdır. Təcrübədə çox belə hallar olub ki, cütlüklər, ər və arvad kilo probleminə görə ayrılıblar. Məsələn, gəlib deyirlər, “sevgilim dedi ki, köksən, bir az arıqla, səni ailəmlə tanış edim” və ya “atam və ya anam şəklinə baxıb dedi ki, yaxşıdır, amma bir az arıqlasa, pis olmaz”. İnsanlar xüsusən gənc olanda belə ifadələr onlara daha tez və çox pis təsir edir. Bəzən də görürsən ki, bəy qıza sevgisini etiraf edir, amma kilolu olduğu üçün qız bunu bəhanə edərək, ona “yox” deyir. Amma nəzərə almır ki, bəlkə də oğlan cəsarətini aylarla toplayıb sevgisini ona etiraf etmişdi. Bu da bəzən depressiv vəziyyətlərə, daha sonra qidalanma pozuntusuna gətirib çıxara bilər. Sadəcə baxır, məsələyə hansı prizmadan yanaşılır. Ona görə insanların anlayışlı davranması və düzgün qidalanma mədəniyyətinə sahib olması vacibdir”.