“Ofis piylənməsi”nin qarşısını necə alaq?

22 Mart 2017

Demək olar ki, bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində keçirirlər. İş və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik və nəhayət pul qazanırıq. Amma təəssüf ki, məhz iş sağlamlıq problemlərimizin dolayı və birbaşa səbəbidir.

Bu bloq yazımda mən, iş prosesinin düzgün təşkil olunmaması səbəbindən meydana gələn piylənmə probleminə toxunmaq istəyirəm.

Təəssüf ki, iş fəaliyyətimlə bağlı bu problemlə demək olar ki hər gün qarşılaşıram.

İlk öncə piylənmənin yol açdığı xəstəlikləri gözdən keçirək ki, məsələnin ciddiyyətini anlayaq və sağlamlığımıza biganə qalmayaq:

  • Şəkərli diabet;
  • Hipertoniya;
  • Ürək-damar xəstəlikləri;
  • İnsult;
  • Mədə-bağırsaq xəstəlikləri;
  • Bəzi onkoloji xəstəliklər (qadınlarda süd vəzisi xərçəngi, kişilərdə yoğun bağırsaq və prostat xərçəngi kimi);
  • Qaraciyər yağlanması;
  • Tənəffüs sistemi problemləri;
  • Oynaq xəstəlikləri;
  • Polikistik sindrom (menstrual dövrün pozulması);
  • Cinsi istəkdə azalma, erektil disfunksiya;
  • Podaqra;
  • Xroniki böyrək xəstəlikləri;
  • Dəri xəstəlikləri;
  • İntihara qədər gətirib çıxaran depressiyalar və psixososial problemlər;
    Bəs nə edək? “Ofis piylənməsi”nin qarşısını necə alaq? Problemin analizi üçün ofis işçisinin bir gününü izləmək kifayət edir.

Səhər çətinliklə oyanırıq, işə gecikirik deyə səhər yeməyi yemədən evdən çıxırıq. Və təbii ki, tərslikdəndirmi, qəsdəndirmi hər kəsin sevdiyi “şirniyyat evi” yolumuzun üstündədir. Beləliklə, gecikmiş səhər yeməyi şirniyyatla çaydan ibarət olur.

Bir az işlədikdən sonra tərslikdən yenə aclıq hissi yaranır. Soyuducuda isə şokolad və qurabiyə sizi gözləyir. Nahar vaxtı çatanda isə şirkətin mətbəxindən bezmiş oluruq, küçəyə çıxıb yemək axtarmağa isə həvəs olmur. Nə edək? “Köməyə” yaxınlıqdakı “fast-food” gəlir. Və naharı ordan sifariş verirsiniz. Nahardan sonra işçilərdən birinin ad günü qeyd olunur, tortun dadına baxmamaq olmaz. Ağır və yorucu iş gününün sonunda isə evdə önümüzə gələn hər yeməyi yeyirik, davamında isə televizor önündə atışdırmağa davam edirik və yatırıq.

Təəssüf ki, müasir ofislər insanların yüksək kalorili və sağlıqsız qida qəbul etdiyi yerə çevrilib. Konfetlə çay, kurabiyə, sendviçlər – ofis işçisinin yemək kompensasiyasıdır.

Və sonda artıq çəkini hesablamaq vaxtı gəlib çatır. Buna görə də piylənmə ofis işçilərinin xəstəliklərində birinci sıradadır.

Bundan başqa oturaq iş piylənmənin yaranma riskini 2 dəfə artırır. Piylənmədən əziyyət çəkən insanlarda  isə yuxarıda sadaladığım xəstəliklərin yaranma riski artır.

Növbəti mərhələdə qarınlı menecer və mütəxəssislər əsəbi vəziyyətdə internetdə dəbli diyetalar, məşhurların arıqlama üsullarını axtarırlar. Nəticə: aclıq-aqressiya-depressiya – “dözmədik”.