Sağlam kökəlmək üçün nə edək?

22 Mart 2017

Arıqlığı təyin etmək üçün ilk öncə bədənin yağ nisbətinə baxmaq lazımdır. Əgər bədənin yağ nisbəti qadınlarda 9-10-dan, kişilərdə isə 7-8-dən aşağıdırsa, bu insanları arıq adlandırmaq olar. Birdə BKİ 18-in altındadırsa həmin insanı arıq hesab etmək olar.

Əgər insanın arıq olduğu təyin edilmişdirsə, ilk öncə bunun səbəbi müəyyən edilməlidir.

Səbəblər nə ola bilər:

  • Aldığınız kaloridən daha çox xərcləyirsiniz;
  • Endokrin sistemində bir problem var;
  • Bəzi minerallar əksikdir;
  • Parazitlərin mövcud olması;
  • Genetik;
  • Stress.

Əgər hər hansı bir sağlamlıq probleminiz yoxdursa, çəkinizi artırmaq üçün alışqanlıqlarınızı dəyişdirmək lazımdır. Amma bu o demək deyil ki, sağlam olmayan qidalar istifadə etmək lazımdır. Çünki sağlam olmayan, yüksək kalorili qidaların içindəki yağ və şəkər səviyyəsi olduqca yüksəkdir və “kökəlim” deyib, sağlamlığınızda problemlər yarada bilərsiniz. Ayrıca yağlı qidalar toxluq hissi verdiyi üçün iştahınızı azaldacaq.

Kökəlmək üçün sağlam qidaların miqdarını artıraraq qəbul etdiyiniz kalori miqdarını artırmalısınız.

  • Hər yeməkdə qəbul etdiyiniz karbohidrat, protein və yağ səviyyələri balanslı olmalıdır, hər qidanı yetərli miqdarda yeməlisiniz;
  • Gündə 3 dəfə yox, 6 dəfə yeyin: 3 ana, 3 ara yeməyi olsun. Ələxsus da yatmadan öncəki ara yemək vacibdir;
  • Qidalanmanızda sağlıqlı yağlara üstünlük verin, əsasən də omega-3-lə zəngin olan balığı artırın;
  • Yemək aralarında meyvə və yanında çərəz yeyin (badam, fındıq, qoz – yaxşı seçim olar), və ya süd, südlü şirniyyat, tost yeyə bilərsiniz;
  • Gün ərzində bir dəfə mütləq proteinli qida qəbul edin: toyuq, hindi, qırmızı ət və ya lobya;
  • Əzələ kütləsini artırmaq üçün idmanla məşğul ola bilərsiniz. Amma yürüyüşdənsə ağırlıq qaldırmaq daha faydalı olar;
  • Kökəlmək istəyirik deyə yeməkləri yağda qızardıb yeməyin. Məsələn, kartof qızartması sizi sağlam kökəltməz, ondansa qaynadıb yeyin. Sadəcə porsiyalara diqqət edin;
  • Yeməyin yanında salat yeməkdən qorxmayın. İçinə ət, qoz, qarğıdalı, lobya, kartof, kök, pendir, küncüt əlavə edərək kalorisini artıra bilərsiniz;
  • Yemək porsiyaları ilə bərabər çörək porsiyalarını da artırın. Və çalışın bununla yanaşı rasionunuzda makaron və düyü istifadə edəsiniz;
  • Şorbaların içinə süd və ya qaymaq əlavə edə bilərsiniz;
  • Su istifadə etmək də önəmlidir, amma yemək vaxtı yox;
  • Qazlı içkilər – düzdü, kalori miqdarını artıracaq, amma onlar sağlam seçim deyil. Qazlı içkilərin yerinə süd, meyvəli süd, ayran istifadə edə bilərsiniz;
  • Bəzi xəstəliklər nə qədər yemək yesəniz də kökəlməyinizə mane ola bilər. Buna görə xroniki bir xəstəliyiniz varsa, öncə mütləq onu müalicə edin;
  • Stressdən uzaq olun.

Əslində unutmamaq lazımdır ki, kökəlmək arıqlamaqdan daha çətindir. Və aya 1-1,5 kilodan artıq kökəlməyin.