Diyetoloqla məsləhətləşmədən edilən pəhrizin fəsadları

19 Yanvar 2016

Gözəl görünmək və formada olmaq hər bir insanın arzusudur, əsas da xanımların. Lakin təəssüf ki, arıqlayım deyərkən sağlamlığını itirənlərin sayı bu arzuda olanların sayından geri qalmır. Çünki xanımlar artıq çəki problemi ilə qarşılaşdıqları zaman, problemin səbəbini araşdırmaq əvəzinə dərhal həllini axtarırlar. Və köməyə ilk gələn dəbli diyetli saytlar, rəfiqələr, qonşular olur. Və təbii ki, instagram və digər sosial şəbəkələrdən izlədikləri məşhurların arıqlama üsullarını qeyd etməmək olmaz.

İnsanlar bir-birilərindən cinsiyyəti, yaşı, boyu, çəkisi, yaşadığı coğrafiya və bir çox xüsusiyyətlərlə fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni diyetin hər kəsdə eyni nəticə verəcəyini düşünmək məsələyə qeyri-ciddi yanaşmaqdır.

Bir həkim kimi məni bu məsələ narahat edir. Çünki hər bir xanım anadır. Və sağlamlığını itirən ana gələcəyə sağlam nəsil ötürə bilməz, sağlam qidalanmağı bacarmayan ana ailədə düzgün qida mədəniyyəti formalaşdıra bilməz.

Gündəmə məşhur, dəbli diyetlərin yaratdığı fəsadlar və orqanizmdə bəzən geri dönüşü olmayan problemlər gəlir. Bu dəbli diyetlər çıxış yoludursa, o zaman niyə hələ də bu qədər artıq çəkili insan var? Niyə hər gün piylənmədən əziyyət çəkənlərin sayı sürətlə artır? Niyə hər il bu problemdən çıxış yolunu tapmaq üçün elmi araşdırmalara çoxlu vəsaitlər xərclənir?

Dəbli diyetlər ürək və böyrəklər başda olmaqla bir çox orqanlarımızı sıradan çıxarır. Bu diyetlərdən sonra yaranan şikayətlər isə çoxlarımıza tanışdır: baş ağrıları, ürəkbulanma, əsəbilik, qəbzlik, yorğunluq, hipotoniya, saç tökülməsi, yaddaşın pozulması.

Nəticədə isə bizə qalan bazal metabolizma sürətinin azalmasıdır. Yəni “doktor, nə etsəmdə çəkim getmir” məsələsi.

İndi çoxlarınız bəlkə də “axı filankəs filan diyetlə gözəl nəticə əldə etdi”, “mən filan diyetlə yaxşı arıqlamışdım” deyə düşünürsünüz. O zaman bu sualıma da cavab verin. Bəs sonra nə oldu? Əksər hallarda cavab “kilomu artıqlaması ilə geri aldım” olur.

Artıq çəki probleminiz varsa ilk olaraq bunun səbəbini araşdırın. Müayinədən keçin. Səbəbini bilmək diyetoloqunuzla bu səbəbi aradan qaldıracaq şəkildə kilo verməyinizi, sizi sağlamlığınıza qovuşdurar və nəticənin qalıcı olmasını təmin edər. Çünki artıq çəki yaratdığı estetik, sosial problemlər bir yana sağlamlıq üçün təhlükəlidir.

Sağlamlığınıza biganə qalmayın. Siz ailənizə və çevrənizə sağlam lazımsınız! Sağlam şəkildə arıqlayın!

Çünki HƏYATDA HEÇ NƏ VƏ HEÇ VAXT SİZİN SAĞLAMLIĞINIZDAN DAHA VACİB OLA BİLMƏZ!