Yeni ilə baş ağrısı ilə girmək

09 Dekabr 2015

Son zamanlar mənə zəng edən və sms yazan pasientlərlə söhbətimizin mətni “Doktor, yeni il bayramını yola verək, doyunca yeyək, bayramdan sonra qəbulunuza gəlmək istəyirik” – olur. Sanki yeni il bayramı yemək üçün verilən son şansdır.

Buna səbəb insanlarda “diyeta” sözünün “aclıq” sözü ilə eyni anlama gəlməsidir. Və bu mövzuda maariflənmiş olmamalarıdır. Əslində diyeta ac qalmaq deyil! Düzgün qidalanmaqdır!

Qayıdaq “yeni il” məsələsinə. Gəlin, yeni ili evində qarşılamağa hazırlaşan bir ailənin bayram hazırlığını gözdən keçirək. Bir neçə gün öncədən başlanan coşğulu hazırlıq evin xanımının bayram gününü mətbəxdə keçirməsi ilə nəticələnir. Və bayram süfrəsi üçün bişirilən yeməklərin həddindən artıq yeyilməsi, spirtli içkilərin normadan artıq qəbulu yeni ilə baş ağrısı və halsızlıqla girməyə səbəb olur.

Yeni ili restoranlarda keçirənlərin vəziyyəti də limitsiz yemək və içki səbəbindən heç də daha yaxşı olmur.

Çünki yeni ildə qəbul etdiyimiz qidalar başda həzm sistemi olmaqla, bir çox sistemlərin yüklənməsinə səbəb olur. Buna görə yaxşı olar ki, bayramdan öncəki günlər evimizi təmizlədiyimiz kimi bədənimizi də toksinlərdən təmizləyək və 1 il bizim üçün yoruldum demədən çalışan bədənimizi dinləndirək. Beləliklə, bayram süfrəsindəki ləzzətli yeməklərdən orqanizmə zərər verməyəcək normada dadmaq imkanımız olar.

Bu qədər önəmli bir bayramı sevincli xatırlamaq və dadını qaçırmamaq istəyirsinizsə, alacağımız ən önəmli tədbir düzgün qidalanmaqdır.

Yeni il gecəsi “onsuz da axşam çox yeyəcəm” düşüncəsi ilə bütün günü ac qalmaq ən böyük səhvlərdəndir. Çünki axşama qədər daha çox acacağınız üçün kontrolsuz yeməyə başlayacaqsınız və bədəninizi toplama rejiminə salmış olacaqsınız. Ac qalan bədən aldığı kaloriləri yandırmaq əvəzinə növbəti aclıq vəziyyəti üçün depolamağa başlayacaq. Buna görə günə səhər yeməyi ilə başlamaq vacibdir. Günorta yüngül bir şorba və ya tərəvəz xörəyi ilə özünüzü axşama hazırlaya bilərsiniz. Hazır qidalar, şirniyyat kimi qidalardan uzaq durun.

Bayram süfrəsində hindi ətinin olması əslində böyük üstünlükdür, çünki hindi ətinin xolesterini aşağıdır. Qırmızı ətdən fərqli olaraq rahat həzm olunur.

Yeməkləri yavaş-yavaş, aramla, kiçik porsiyalarla yeyin. Qızartmalardan və çox yağlı qidalardan uzaq durun.

Yeni il gecəsi ən önəmli mövzulardan biri də spirtli içkidir. Bayram süfrəsində uzun müddət oturduğunuz üçün spirtli içki də yemək qədər çox qəbul olunur. Həm yemək, həm də spirtli içki normadan artıq qəbul olunduğu üçün növbəti gün baş ağrısı, yorğunluq, ürəkbulanma, qusma, ağırlıq hissi meydana gələcəkdir. Buna görə aşağı kalorili içkilərdən (qırmızı şərab, pivə və s.) istifadə etmək və 2 qədəhdən artıq qəbul etməmək tövsiyə olunur. Spirtli içkilər bədəndən olduqca çox su atılmasına səbəb olur. Buna görə də, istər yeni il gecəsi , istərsə də növbəti gün su qəbuluna diqqət yetirmək lazımdır. Bayram süfrəsində aramla, qurtum-qurtum su içmək vacibdir ki, həm normadan artıq yemək yeməyinizin qarşısını almış olacaqsınız, həm də spitli içkilərlə atılan suyu bədəninizə geri verəcəksiniz. Bununla yanaşı istifadə edəcəyiniz bitki çayları isə həm mədənizi rahatlaşdırar , həm də bədəninizi toksinlərdə azad etməyə kömək edər.

Şirniyyat olaraq südlü şirniyyatlar və meyvələrə üstünlük verməniz tövsiyə olunur.

Yeni il gecəsi qəbul etdiyiniz artıq kaloriləri yandırmaq üçün açıq havada 1 saat gəzməyiniz tövsiyyə olunur. Özünüzü daha enerjili hiss edəcəyinizdən əmin olun. Yeni ildə bütün başlanğıcların uğurla nəticələnməsi arzusu ilə…

P.s. Unutmayın ! Həyatda heç bir şey sizin sağlamlığınızdan daha vacib ola bilməz. Özünüzə yaxşı baxın.